GİLAN SERAMİK ZAVODU haqqında

XÜLASƏ

“Gilan Sermik” MMC – seramik plitələr zavodunun inşasına 2009-cu ilin sonlarında başlanılmışdır. Bu zavodun inşası yeni, güclü sənayeləşmə prosesinin getdiyi, böyük infrastruktur layihələrin həyata keçirildiyi bir dövrə təsadüf etmişdir. 26 ha ərazidə inşa edilmiş ümumi sahəsi 19,7 min m2 olan istehsal korpusu və yardımçı sahələrdən ibarət olan zavod İtaliya Respublikasının “Sacmi“ şirkətinin müasir innovativ avadanlıqları ilə təchiz edilmişdir.

Bu şirkətin texnologiyaları əsasında dünyanın 26 ölkəsində 83-dək belə seramik plitələr istehsalı zavodu inşa edilmişdir ki, bunlardan biri də Cənubi Qafqazda yalnız Azərbaycanda inşa edilmişdir. Zavodun günlük istehsal gücü 11 min m2 -ə bərabərdir. Bu fəaliyyətlə zavod il ərazində 3,6 mln m2 seramik plitələr istehsal etmək gücünə malikdir.

“Gilan Seramik” Zavodunun yaradılmasına 40,2 milyon manat investisiya qoyulmuşdur. Avadanlığın alınması və tikintinin həyata keçirilməsi məqsədi ilə İqtisadi İnkişaf Nazirliyinin Sahibkarlığa Kömək Milli Fondundan beş milyon manat güzəştli kredit ayrılmışdır. İstehsal avadanlığı italiyalı mütəxəssislər tərəfindən quraşdırılmışdır. Müəssisənin illik xammal tələbatı 80 min ton təşkil edir. Bu tələbatın əsas hissəsi yerli xammal hesabına ödəniləcək, bəzi qatqı maddələr isə Türkiyə və Ukraynadan gətiriləcəkdir.

Zavod fəaliyyətə başlamazdan əvvəl apardığımız bazar araşdırmalarına əsasən deyə bilərik ki, respublikamızın seramik plitələrə olan illik tələbatı 8 mln m2 təşkil edir. İstehsalın ilk ilində zavod illik tələbatın yalnız 20%-ni ödəyə bilirdisə, hal-hazırda zavod bu tələbatın 40%-ni ödəmək gücünə malikdir. Respublikamızda inşa olunan belə bir zavodun fəaliyyətdə olması daxili bazarın seramik plitələrə olan tələbatın ödənilməsində həlledici rol oynayır..

Zavodun əldə etdiyi təcrübi nailiyyətlər keramik məhsul istehsal edən bir neçə zavoddan ibarət texnoparkın bünövrəsini təşkil edəcək. Zavodun cənub hissəsində 15 hektar sahədə müxtəlif duş kabinələri, vannalar və digər sanitar qovşağı avadanlığı istehsal edən müəssisənin tikintisi nəzərdə tutulmuşdur. Bu layihələrin həyata keçirilməsi rayonun sosial-iqtisadi inkişafında və əhalinin məşğulluğunun artırılmasında mühüm rol oynayacaqdır.