Qəbələ FK

image description

Əsası 1995-ci il iyulunda qoyulan "Qəbələ" İdman Klubu ilk vaxtlar futbol klubu kimi fəaliyyət göstərib.

XÜLASƏ

Həmin vaxt "Göygöl" adlanan komanda bir müddət Azərbaycan çempionatının birinci dəstəsində çıxış edib. Komanda 1995-ci ildən 2005-ci ilədək Xanlar rayonunu təmsil edib. 2005-ci il mayın 4-də isə klubun adı dəyişdirilərək "Gilan" olub. 2005/2006 mövsümündə birinci dəstənin qalibi olan komanda Azərbaycan çempionatının yüksək liqasına vəsiqə qazanıb. 2006-cı ilin avqust ayında – yüksək liqada debüt ərəfəsində "Gilan" Xanlar rayonundan Qəbələyə köçürülüb və həmin vaxtdan etibarən Qəbələ şəhərini təmsil edir. 2007-ci il avqustun 31-də "Gilan" PFK adı "Qəbələ" PFK adı ilə əvəzlənib. Elə o vaxtdan bəri komanda bütün yarışlarda "Qəbələ" adı altında çıxış edir. 2013-cü ilin əvvəlindən isə klubun nəzdində digər idman növləri - cüdo, boks, atıcılıq, karate və taekvondo bölmələri fəaliyyətə başlayıb. Bu səbəbdən də klubun adı "Qəbələ" İdman Klubu kimi dəyişdirilib.

"Qəbələ" Futbol Klubu Azərbaycan milli çempionatının ən güclülərindən biridir. Komanda ölkə çempionatının "altılıq" formatında keçirilməsindən sonra, yəni 2009-cu ildən bəri 3 dəfə (2009/2010, 2011/2012, 2012/2013 mövsümlərində) ilk "altılıq"da mübarizə aparıb. 2013/2014 mövsümündə komanda tarixində ilk dəfə olaraq, ölkə çempionatının bürünc mükafatçısı olmuş və eyni zamanda ölkə kubokunun finalında oynamışdır. "Qəbələ"-ni müxtəlif dövrlərdə Faiq Cabbarov, Ramiz Məmmədov, eləcə də, ingiltərəli Toni Adams, türkiyəli Fatih Kavlak və rusiyalı Yuri Syomin kimi məşqçilər çalışdırıb. Hazırda komandanı baş məşqçisi rumıniyalı Dorinel Muntyanudur. Rəngləri qırmızı-qara olan klub ev oyunlarını 4 000 azarkeş tutumuna malik Qəbələ şəhər stadionunda keçirir.

"Qəbələ" klubu Azərbaycan futbolunda etdiyi yeniliklərlə də tarixin yaddaşına düşüb. 2009-cu ildə Azərbaycanda ilk futbol akademiyasının təməlini qoyan klubumuz bu addımı atmaqla ölkədəki istedadlı futbolçuları kəşf etmək, onların peşəkar futbolçu kimi yetişərək gələcəkdə Azərbaycan milli komandasının və "Qəbələ" Futbol Klubunun sıralarını möhkəmlətmək missiyasını öz üzərinə götürüb. "Qəbələ" FK ölkədə klublar arasında ilk beynəlxalq futbol turniri keçirməklə növbəti yeniliyə imza atıb. Qəbələdə 2011-ci ilin iyulunda böyüklər, 2012 və 2013-cü ilin may aylarında isə 15 yaşlılar arasında nüfuzlu beynəlxalq yarışlar təşkil olunub.

Hazırda ölkə futbolunun inkişafı istiqamətində böyük işlər görən komandanın məqsədi Premyer Liqada və kubokda mükafatlar uğrunda mübarizə aparıb, Azərbaycanı avropamiqyaslı turnirlərdə təmsil etməkdir.

ƏLAQƏ MƏLUMATLARI